Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli maraqlarımızı özündə ehtiva edən aksiya

0

  •       Azərbaycan vətəndaş cəmiyyətinin
    nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi
    etiraz aksiyası artıq 45 gündür ki, davam etməkdədir. 

    Bildiyimiz kimi, aksiyanın keçirilməsində
    əsas məqsəd Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
    Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə
    ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan
    Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə
    girişinə maneçilik törədilməsi əleyhinədir. Dinc
    aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan
    vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”
    şüarlarını səsləndirirlər.

    Ekofəalların tələbi aydındır: Azərbaycanın
    sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı,
    bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi
    əsasında həyata keçirilməlidir. Ancaq Rüsiya “sülhməramlılarının” komendanı
    aksiyaçıların görüşünə hələ də gəlməyib. Onun aksiyaçıların görüşünə göndərdiyi
    nümayəndəsi də içkili vəziyyətdə idi. Aksiyanın ilk günündə fəallar
    “sülhməramlıların” arasında olan ermənini də ifşa etdilər. 

    Mən də bir vətəndaş kimi aksiyada iştirak
    etməyi özümə borc bildim. Aksiyada iştirak etmək üçün müraciətim müsbət
    cavablandırıldıqdan sonra, dekabrın 16-sı axşam saatlarında Bakıdan yola çıxan
    avtobusla Şuşaya getmək üçün Gəncədən Füzulinin Əhmədbəyli kəndinə yola düşdüm.
    Şuşaya çatanda saat 03.45 idi. Avtobusdan
    yerə düşən kimi birbaşa qələbəliyə tərəf üz tutduq.

    Mən Şuşada ilk əvvəl ümumxalq həmrəyliyini
    bir daha gördüm. Bir daha əmin oldum ki, xalqımızın döyüş ruhu, qisas arzusu,
    mübarizliyi həmişə yüksək səviyyədədir. Azərbaycan xalqının ayağa qalxması
    yatmış vulkanın oyanmasını xatırladır. Azərbaycan xalqı sülhsevər xalq olsa da,
    onun milli ruhuna, milli dəyərlərinə, torpağına, sərvətinə toxunsan, onun
    döyüşkənlik ruhu bir qığılcımdan yenidən alovlana, vulkantək püskürə
    bilər. 

     “Şuşanın dağları başı dumanlı” mahnısı ilə bu
    müqəddəs torpağa qədəm qoyduq. Bilirdik ki, Şuşanın dağlarından artıq qara
    dumanlar yox olub, onun yerində, Şuşa səmasında şəhidlərimizin müqəddəs ruhları
    dolanır. Şəhidlərimizin ruhları qarşısında həmişə borclu olduğumuzu bilərək bu
    aksiyada fəal iştirak etməyimizin vacibliyini dərk etdik. Azərbaycan
    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçilərinin növbə dəyişikliyi
    qürur və fəxr hissi ilə “Ən böyük
    əsgər, bizim əsgər!” şüarı altında baş tutdu. Bu şüarları səsləndirərkən
    gecənin qaranlığında Azərbaycan Əsgərininin gözlərində sanki Vətən eşqi şölə
    saçırdı. Və Dövlət Himnimizin səsləndirilməsi ilə milli ruhumuz bir daha
    canlanır, sədasından riqqətə gəlir, ülviyyətə çatırdıq.

    Başımızın üstündə Şuşa yazılan lövhə, onun
    kənarında Azərbaycan və Türkiyə Bayraqları qürurla dalğalandıqca 44 günlük
    qəhrəmanlıq salnaməsinin mahiyyətini bir daha anladıq. İşıqların aydınlatdığı
    Şuşanın girişindəki möhtəşəm qayanın sinəsində məğrurluq vardı. Mənəvi anlamı
    böyük olan bu yerdə olmaq hər bir Azərbaycan vətəndaşı üçün
    xoşbəxtlikdir. 

    Aksiyaya yola düşməzdən bir az əvvəl Şuşa
    sakini Şahid Rzayevlə maraqlı telefon danışığımız oldu. Səsimdəki dəyişikliyi
    duyan Şahid Rzayev bildirdi ki, Şuşanın havası insanın canındakı soyuqluğu
    çıxardır. Oranın havası, suyu insana məlhəmdir. Həqiqətən, aksiyada özümdə heç
    bir narahatlıq hiss etmədim. Qəribədir ki, səhhətim də düzəlmişdi. Bu da
    Şuşanın sirli-sehrli təbiəti haqqında öyrəndiyim yeni bir məlumat oldu.

    Gecənin qaranlığında tonqallarımız aramsız
    yanırdı. Çadırlar da qurulmuşdu. Bu mənzərə mənə Oğuz yurdunda yaxşı gündə, pis
    gündə həmrəyliyə çağıran tonqalları xatırlatdı. Aksiyada hava soyuq olsa da, heç
    kəs üşümürdü. İnsanları isidən tək tonqalın alovu deyildi, qəlbimizin
    hərarətini artıran həm də Vətən eşqi idi. Aksiyada həmrəylik, mehribanlıq, xoş
    gələcəyə inam var. QHT nümayəndələri və media işçiləri bir-birinə dəstək olaraq
    aksiyanın mütəşəkkil davam etməsinə öz töhfələrini verirlər.

    "Azad
    xalqın xoş çağını görürəm" adlı şeirimin sonuncu bəndi ilə aksiyadan görüntü
    paylaşım etdim:

     

    Xalq bəsləyir
    rəhbərinə inamı,

    İlham ilə həmrəy
    olmaq məramı.

    Yetişəndə birlik,
    kömək məqamı,

    Dədə Qorqud
    ocağını görürəm.

    Səhəri həyəcanla gözləyirdim. Çünki, ekoloji
    aksiyanın keçirildi yoldan baxarkən mənim 6 yaşında didərgin düşdüyüm Xocalı
    rayonunun Kosalar kəndinin qarşısını kəsən dağların görsəndiyini bilirdim. Dan
    yeri söküldükcə həyəcanlanır, bir gözüm aksiyaya, bir gözüm dağlara tərəf
    baxırdı. Hava aydınlanan kimi göz yaşlarıma boğularaq doğma yurduma tərəf
    baxdım. Hiddətli, qəzəbli baxışlarla Xankəndinə, bir də "sülhməramlı"lara
    baxdım. Yanımdakı yoldaşlara qürur, qəzəb və həsrət dolu qarışıq hisslərlə:
    Baxın, bu görünən dağın o üzü mənim doğma kəndimdir - döyüşkən Kosalar kəndidir.
    Orada da ermənilər talançılıq edib, bütün evləri yandırıb, ağacları kəsiblər.
    "Kosalar" şeirimdən bir parça da səsləndirməklə hislərimi bədii dildə
    ifadə etdim.

     

    Bu dağın o üzü bizim kəndimiz,

    Boylanır uzaqdan
    hələ gözümüz,

    Düşəcək yoluna
    yenə izimiz,

    Şərəfim,
    mənliyim, adım Kosalar.

    Qəlbimdə sızlayan
    odum Kosalar.Şuşadan qayıtmaq zamanı yetişəndə yenə gözlərim arxada qaldı. Növbəti
    gəlişimdə Xankəndinə, Xocalıya, Kosalar kəndinə getmək arzusu ilə Şuşadan
    ayrıldım. Aksiyanı əziz həmvətənlilərim növbəli şəkildə davam etdirməkdədir.

    Ermənilər isə bütün dünyaya bu ekoloji,
    dinc aksiyanı humanitar fəlakət kimi yayırlar. Amma hər şey göz qabağındadır;
    Yolu Rusiya sülhməramlıları bağlayıb. Yolu keçmək istəyən ermənilərə heç bir maneə
    yoxdur. 

    Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilər bilməlidirlər ki,
    Ruben Vardanyan, Araik Artunyan kimi axmaqlardan onlara heç bir fayda yoxdur.
    Onlar talana, ekoloji terrora son qoymalıdır. Vətən Müharibəsində
    məhv edilmiş Xocalı cəlladları kimi, Qarabağda ekoloji terrorda əli olan
    cəlladlar, seperatçılar da öz cəzalarını alacaqlar. Ermənilər onlar üçün
    yaranmış bu şansdan şüurlu istifadə edərək ya seperatçıların girovluğundan azad
    olaraq Konstitusiyamızın qanunları çərçivəsində yaşamalı, ya da
    torpaqlarımızdan çıxıb getməlidirlər.

    Qarabağın torpağı da, sərvəti də, havası da, suyu da bizimdir. Onu
    talayan, mənimsəyən düşmənə azğın nəfsi həmişə qənim olub, bundan sonra da
    olacaqdır. Milli maraqlarımızı özündə ehtiva edən dinc aksiyamız tələbimiz
    yerinə yetirilənədək davam edəcəkdir. 

    Qalib BƏYMƏMMƏDOĞLU,

     “Xocalının səsi” qəzetinin redaktoru

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib63 dəfə
    Milli maraqlarımızı özündə ehtiva edən aksiya

    Maraqlı gələ bilər
    44
    118